Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında 8-ci növbədənkənar qurultayı keçirilib.

30 sentyabr 2020 | 16:00

Qurultayda çıxış edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri müavini Əhliman Əmiraslanov bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşının qəlbi, ruhu ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşən hərbçilərimizin yanındadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əks-hücuma keçib, bir neçə kənd işğaldan azad edilib, strateji yüksəkliklərə nəzarət təmin olunub: “Hesablamalara görə, Ermənistanın itkilərinin sayı 600-ü keçib. Təəssüf ki, Azərbaycanın hərbçiləri və mülki əhali arasında şəhidlər var. Əminəm ki, torpaqlarımız işğaldan azad ediləcək”.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ə. Əmiraslanov qeyd edib ki, Ağsaqqallar Şurasına uzun illər uğurla rəhbərlik etmiş Fəttah Heydərov vəfat edib: “Ölkəmizdə elə bir ictimai-siyasi hadisə olmayıb ki, Ağsaqqallar Şurası münasibət bildirməsin. Ağsaqqallar Şurası hər zaman Prezident İlham Əliyevin daxili, xarici siyasətini dəstəkləyib. Ağsaqqallar Şurasının uğurlu fəaliyyətində Fəttah Heydərovun böyük rolu olub”.
Ə. Əmiraslanov Ağsaqqallar Şurasının hər zaman Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevanın qayğısını hiss etdiyini vurğulayıb.
Qurultay üzvləri Fəttah Heydərov və ötən dövr ərzində vəfat edən Ağsaqqallar Şurasının üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qurultayın gündəliyinə Ağsaqqallar Şurasının Nizamnaməsinin yeni redaksiyada qəbulu, Ağsaqqallar Şurasının sədrinin seçilməsi və digər məsələlər daxil edilib.
Ə. Əmiraslanov nəzərə çatdırıb ki, qurultayda müzakirəyə təqdim edilən Nizamnamənin yeni redaksiyası 8 fəsildən ibarətdir. Sənəddə dövrün tələbləri əsasında təşkilatın strukturu,  qurumun üzvlərinin hüquq və vəzifələri əksini tapıb. Nizamnamə səsverməyə çıxarılaraq qəbul edilib.
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına Ali Baş Komandan, Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Qurultayda millət vəkili Eldar Quliyevin Ağsaqqallar Şurasının sədrliyinə namizədliyi irəli sürülüb.
Ə. Vəliyev qeyd edib ki, Azərbaycanda ağsaqqallar hər zaman cəmiyyətdə hörmət sahibi olublar. Prezident Administrasiyasının şöbə müdiri Ağsaqqallar Şurasının sədrliyə namizədliyi irəli sürülən Eldar Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şəhidlərimizə rəhmət diləyib: “Ən böyük ağsaqqal Heydər Əliyev idi. Allah ona rəhmət etsin”.
QMİ sədri qeyd edib ki, Ağsaqqallar Şurasının öncəki sədri k Fəttah Heydərov və onun ailəsi ilə yaxın dost olub: “Fəttah Heydərovun Ağsaqqallar Şurasının uğurlu fəaliyyətində böyük rolu olub, hər zaman Heydər Əliyevin, Prezident İlham Əliyevin fəaliyyətini, daxili və xarici siyasətini dəstəkləyib. Allah ona rəhmət etsin. Mən inanıram ki, Eldar Quliyevin Ağsaqqallar Şurasına sədrliyi də xalqımız üçün xeyirli olsun”.
Daha sonra qurultayda Eldar Quliyev Ağsaqqallar Şurasının sədri seçilib.
E. Quliyev göstərilən etimada görə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, sentyabrın 27-də Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hər bir Azərbaycan vətəndaşının gözlədiyi əmri verib: “İyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində təxribata əl atdı. Bu yaxınlarda isə Azərbaycana göndərilən diversiya qrupunun rəhbəri ələ keçirildi. Sentyabrın 27-də isə Ermənistan növbəti təxribata əl atdı. Prezident İlham Əliyev Ermənistanın yeni müharibəyə hazırlaşıdığını bu günlərdə BMT Baş Assambleyasında çıxışında da bəyan etmişdi. Ermənistanın sentbyabrın 27-də törətdiyi təxribata cavab olaraq Ali Baş Komandan bütün cəbhə boyu Azərbaycan Ordusuna əks-hücum əmri verib. Əminəm ki, yaxın günlərdə torpaqlarımız işğaldan azad ediləcək. Qarabağ, zəfər bizimdir!”.
Videokonfransda  Şuşa rayonundan Ağsaqqalar şurasının sədri Məmməd Hacıyev və şuranın üzvü Ramiq Məhərrəmov iştirak etmişlər.

 

Keçidlər