Azərbaycana ən yaxın iki qardaş ölkə: Türkiyə-Pakistan.
Türkiyə və Pakistanla Azərbaycan arasında mövcud münasibətlərin səviyyəsi, bu ölkələrdə baş verən istənilən hadisənin ictimaiyyətimizin diqqətinə düşməsinə səbəb olur.
Türkiyə və Pakistan, coğrafi olaraq bir-birindən ayrı mövqedə yerləşsə də, ortaq din və mədəni irs üzərinə qurulan tarixi qardaşlıq bağları səbəbindən siyasət, iqtisadiyyat və müdafiə kimi bir çox sahədə yaxından əməkdaşlıq və iş birliyini davam etdirirlər.
Pakistanla Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Bu iki ölkə həm də Özbəkistanla bir yerdə bu günəcən Ermənistanla diplomatik münasibətləri olmayan ölkələrdir. Onlar nə qədər ki, işğalçı və təcavüzkar Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayıb, o vaxta kimi Ermənistanla diplomatik münasibətlərin mümkünsüz olduğunu bəyan edib və ötən illər ərzində səmimi şəkildə öz bəyanatlarına, öz mövqelərinə sadiqliklərini nümayiş etdiriblər. Eyni zamanda, Pakistan ali qanunverici orqan-parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan azsaylı ölkələrdən biridir. Azərbaycan da öz növbəsində hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa, müttəfiqliyə böyük önəm verib, daim bu ölkələrin problemlərinə həssas yanaşıb, öz dəstəyini əməli şəkildə ifadə edib. Yəni, fəxr və qürur hissi ilə söyləmək olar ki, bu 3 ölkə arasında olan münasibətlər ən ideal münasibətlərdir və bundan da qazanan yalnız və yalnız bu ölkələrin dost və qardaş xalqlarıdır.
Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin özünəməxsus yeri və rolu var. Bu 3 ölkə həm də bir-biri ilə sıx tellərlə bağlı olan dost, qardaş və müttəfiq ölkələrdir. Onlar arasında olan münasibətlər dünyaya nümunə və örnəkdir.
Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycana göstərdikləri hərtərəfli dəstəyin ölkə hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirilir.