Hər bir şəhid xalqımızın unudulmaz qəhrəmanıdır.
Vətən anlayışı elə bir ali dəyərdir ki, insan onun uğrunda vuruşa, hər cür fədakarlıq göstərə və son anda öz canından keçə bilir. Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. Təsadüfi deyil ki, Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidin xatirəsi xalq tərəfindən əziz tutulur, onların ruhu böyük hörmət və ehtiramla anılır. Həm müstəqilliyə gedən yolda, həm də müstəqilliyinin ilk illərində böyük faciələr yaşayan Azərbaycan xalqının indi hər guşəsində Vətəni uğrunda böyük qəhrəmanlıq göstərmiş minlərlə oğul və qızlarının uyuduğu müqəddəs məkan – Şəhidlər xiyabanları var.
Düz 30 ildir ki, hər bir azərbaycanlının and yerinə, qürur ünvanına çevrilmiş bu müqəddəs məkanlarda uyuyan şəhidlərin rəşadət və qəhrəmanlığına görə müstəqil Azərbaycan yaşayır, illər ötdükcə isə onun müstəqilliyi daha da dönməz və sarsılmaz olur.
Bu dərdi, bu qəmi daim qəlblərdə saxlanılacaq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətimizə qarşı törədilən cinayətlərə, xüsusilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub Vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Bu mübarizədə minlərlə igid oğullarımız və qızlarımız şəhid oldu.
Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Bu dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni göz bəbəyi kimi sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Vətən yolunda qan tökərək öz tarixinə və xalqının taleyinə qəhrəmanlıq salnaməsi yazmaqdır ən böyük hiss. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmırlar, eyni zamanda Vətənin bölünməzliyinə imza atırlar.
Sentyabr ayın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində təmas xətti boyu mülki əhalinin ağır artileriyadan atəşə tutulmasi nəticəsində ordumuz düşmənə layiqli cavab vermiş, erməni hərbi birləşmələrinin müdafiə xətti yarılaraq işğal altında olan bir neçə yaşayış məntəqəmiz işğaldan azad edilmişdir. Artıq bir neçə gündür ki,ordumuz düşmənə sarsıdıcı zərbələr vurulur. Şəhid və yaralılarımızın olmasına baxmayaraq ordumuz qətiyyətlə irəliləyir, demək olar ki hər gün düşmən ağır itkilər verir.Qələbə gününün heç də uzaqda olmadığına artıq hər bir azərbaycan vətəndaşı bütün qəbi ilə inanir.