Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir sıra beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri N.Paşinyana əsl dərs verdi, siyasətdə onun təsadüfi və naşı adam olduğunu başa saldı, ölkə başçısı bu il sentyabr ayında BMT-nin tribunasından Ermənistanın faşist siyasətini bütün dünyaya, BMT-yə, Minsk qrupuna çatdırdı. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların təzahürüdür. Müharibə hazırlığı aparan Ermənistanın durdurulması üçün addımlar atılmasını, Azərbaycana qarşı onun mövqeyindən əl çəkməsini dəfələrlə söylənildi. Lakin dünya birliyi, beynəlxalq təşkilatlar, aid qurumlar əməli bir iş görmədi.
Nəticədə Ermənistan 27 sentyabr 2020-ci il tarixində Azərbaycana qarşı yeni təxribata əl atdı. Sərhəd rayonları, yaşayış məntəqələri – şəhər və kəndlər toplardan, qradlardan atəşə tutuldu. Yeddinci gündür ki, Ermənistan silahlı qüvvələri Cəbrayılı, Füzulini, Goranboyu, Tərtəri, Bərdəni, Naftalanı və başqa şəhər və kəndlərimizi, dinc sakinləri atəşə tutur, evləri, sosial obyektləri dağıdır.
Bu gün Azərbaycan ordusu erməni vandallarına lazımi dərs verməkdədir. Qəhrəman əsgər və zabitlərimiz bir neçə yaşayış məntəqələrini, yüksəklikləri, idarəetmə punktlarını və Murovdağ yüksəkliyini ələ keçirib, erməni qüvvələri silah-sursatını, nəqliyyat vasitələrini, döyüş bayrağını, rəsmi sənədləri ataraq qaçırlar. Döyüş meydanında biabırcasına məğlub olan erməni silahlı qüvvələri bunun acığını Azərbaycanın dinc sakinlərindən, kənd və şəhərlərdən çıxmağa çalışırlar. Lakin bir həqiqət bizim üçün aydındır ki, biz torpaqlarımızı azad edəcək, bayrağımızı Xankəndində, Şuşada və işğaldan azad edəcəyimiz başqa müqəddəs ərazilərimizdə dalğalandıracağıq.
Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb.