Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
Rusiyanın paytaxtı Moskvada oktyabrın 9-dan 10-a keçən gecə keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 11 saatlıq üçtərəfli görüşündən sonra atəşkəslə bağlı bəyanat qəbul edilib.
Son 20 ildə Qarabağa dair ən uzun müddətli danışıqların sonunda qəbul olunan bəyanata əsasən, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Məlumdur ki, danışıqlar çərçivəsində qarşı tərəf özünə sərf edən şərtlərlə razılaşmaqda maraqlı olub. Ancaq Prezident İlham Əliyevin də ötən gün xalqa müraciətində dediyi kimi, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq: “Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”.
Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü
Təbii ki, əldə olunmuş humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvo siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.
Düşməni sülhə məcburetmə əməliyyatları nəticəsində əldə olunan uğurlara və üstünlüyə görə, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
Azərbaycan rəhbərliyi dünyaya göstərdi ki, ölkəmiz sülh tərəfdarı olsa da, bu yolla münaqişənin həlli mümkün olmayacağı təqdirdə, hərbi yolla torpaqlarını azad etməyə qadirdir.
Ali Baş Komandan İlham Əliyev də çıxışı zamanı bunu bir daha vurğulamışdı: “Azərbaycan xalqı da bunu vasitəçilərdən, bəzi beynəlxalq təşkilatın rəhbərlərindən dəfələrlə eşidib ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən isə demişdim ki, bu tezislə razı deyiləm və mən haqlı çıxdım, mən! Otuz ilə yaxındır danışıqlar aparılır. Bir məsələ yerindən tərpəndi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı məcbur etdilərmi ki, bizim torpağımızdan çıxsın, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin? Yox. Bəs, bu məsələ indi necə həll olunur? Bu, hərbi yol deyilmi? Məhz hərbi yolla bu məsələ həll olunur. Hərbi, ondan sonra siyasi. Bu əməliyyat olmasaydı, biz təcavüzkara lazımi zərbələr endirməsəydik, onların dərsini verməsəydik, indi o qaçardımı Moskvaya danışıqlar aparmaq üçün?! Oturacaqdı özündən razı, deyəcəkdi ki, torpaqları vermirik”.
Humanitar atəşkəsə baxmayaraq Erməni quldurları Azərbaycanın ikinci böyük şəhəri, qədim tarixə malik Gəncə Ermənistan ərazisindən atəşə tutulub. Nəticədə dinc əhali arasında ölən və xəsarət alanlar var, çoxlu sayda mülki obyektlərə ziyan dəyib.Münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artileriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir.