Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib
- Salam, “France 24”ün müsahibə rubrikasına xoş gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik və mən Azərbaycan Prezidenti İlham Əliyevin yanındayam. Prezident Əliyev, bizim suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün çox sağ olun. Əlbəttə ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsi haqqında soruşacağam. Humanitar atəşkəs kimi nəzərdə tutulan atəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibə davam etmişdir. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq etibarsız, bitmiş və ləğv edilmiş hesab olunur?
- Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim mövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı. Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma “Dağlıq Qarabağ respublikasının hökumətini” danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma “Dağlıq Qarabağ respublikası hökumətini” danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir. Biz atəşkəs rejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlak olub.
-Lakin Azərbaycan da atəşi davam etdirib, elə deyilmi? Dünya Dağlıq Qarabağdakı Xankəndidə mülki şəxslərin artilleriya atəşinə tutulması görüntülərini görüb.
-Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılmışdır. Bu, birincisi. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunmuşdur. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq. Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik.
- Beləliklə, Siz deyirsiniz ki, atəşkəs müəyyən olunandan sonra Azərbaycan tərəfindən heç bir zərbə endirilməmişdir? Hətta hərbi hədəflərə də?
- Xeyr, hərbi hədəflərə zərbələr endirilmişdir. Biz bunu təkzib etmirik. Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır.
- Bəs, Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi hədəflər deyil.
- Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.
Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur.
– Mən indi Sizdən diplomatik proses barədə soruşmaq istəyirəm. ATƏT-in Minsk qrupu, hazırkı həmsədrlər olan Fransa, ABŞ və Rusiya ilə vasitəçilik davam edir. Sizcə Fransanın bu danışıqlarda həmsədr qalması ilə bağlı bu struktur qalmalıdır?
– Bilirsiniz ki, toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik. Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq.
– Əvvəlki müsahibələrinizdə Suriyadan 300 döyüşçünün Sizin tərəfinizdə vuruşmaq üçün gətirildiyinə dair açıqlamasından sonra Siz Emmanuel Makrondan üzrxahlıq tələb etmişdiniz. Siz onunla sonuncu dəfə söhbət edən zaman bu məsələ haqqında - onun muzdluların Sizin tərəfinizdə döyüşməyi ilə bağlı ittihamı barədə danışdınızmı?
– Bəli, əlbəttə ki. Biz bu barədə danışdıq və mən hələ də dəlil gözləyirəm. Mənə heç bir dəlil təqdim olunmayıb. Bizim digər rəsmilərə heç bir dəlil təqdim olunmayıb. Mən Fransa Prezidentindən dəlil təqdim etməyi və danışmaq, bu məlumatı mübadilə etmək üçün müvafiq dövlət qurumlarının rəhbərləri arasında təmaslar təşkil etməyi xahiş etdim. Bu təmas baş tutdu və sizə deyə bilərəm ki, bizə heç bir dəlil təqdim olunmayıb. Ona görə əgər heç bir dəlil yoxdursa, düşünürəm ki, bu şayiələr də keçmişdə qalmalıdır. Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir.
– Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian deyib ki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin beynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər. O, bu məsələdə səhv edir?
– Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil.
– Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?
– Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır.
- Lakin onlar bu münaqişədə öz sözünü deyirlər?
– Əlbəttə, onlar çox müasir, inkişaf etmiş silahlardır. Sizə deyə bilərəm ki, təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə. Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər.
– Təəssüf ki, biz burada yekunlaşmalıyıq. Əlbəttə, Sizə verə biləcəyimiz o qədər çox suallarımız var idi. Prezident İlham Əliyev, bu gün suallarımıza cavab verdiyinizə görə Sizə təşəkkür edirəm. Bizə baxan tamaşaçılara da təşəkkür edirəm. Qarşıda yayımlanacaq beynəlxalq xəbərlərə baxmaq üçün “France 24”ü izləməyə davam edin.
– Təşəkkür edirəm.
– Təşəkkür edirəm. Sizinlə söhbət etmək çox maraqlı idi.