Ermənistanın dövlət terrorizmi siyasəti və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir
Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən oktyabrın 11-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlər onu təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki davam edir. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 40 nəfərdən çox insan həlak olub, 200-dən çox mülki insan yaralanmışdır. Bundan başqa, sentyabrın 11-də Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.
Belə ki, cəzasızlıq vəziyyətindən istifadə edən iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirir.
Elə yenə də bu cəzasızlıqdan istifadə edərək 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Azərbaycan Ordusu bu hərbi təcavüzə cavab olaraq, Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir və xalqımız bütünlüklə Ali Baş Komandanın ətrafında səfərbər olmuşdur. Azərbaycan ərazilərin azad olunması uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də bir sıra yaşayış məntəqələrimizin işğalçılardan azad edilməsi, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin ələ keçirilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Ordusunun müxtəlif qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz, əlverişli yüksəkliklər və ərazilər azad olunub.
Ancaq biz nəyin şahidi oluruq? Son 14 gün ərzində, təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, dünya birliyi Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır, xüsusilə onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etmirlər.
Qeyd etmək lazımdır ki, Ermənistanın faşist ideologiyası və terroru dövlət siyasətinə çevirməsi danılmaz faktlarla sübut edilir və uzun illərdir ki, bu, bütün hakimiyyətlər dövründə davam etdirilir. Bununla yanaşı, Ermənistanın cinayətkar əməlləri, eləcə də terrorçuluq fəaliyyəti indi başlamayıb. Beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaradıblar. Bundan sonra ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutub.
XX əsrin əvvəllərindən başlayaraq, xüsusilə 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar verib. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 dövlət xadiminin və ziyalısının adları salınıb. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevriliblər.
XX əsrin ikinci yarısında “Daşnaksütyun” partiyası tərəfindən bir sıra terror qrupları yaradılıb. Ötən əsrin 60-70-ci illərində erməni terror təşkilatlarının fəaliyyəti daha da genişlənib. Belə ki, 1975-ci ildə yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı təşkilat həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədib ki, nəticədə günahsız insanlar erməni terrorizminin qurbanı olublar.
Erməni terror təşkilatları ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, 90-cı illərin əvvəllərində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistanla sərhəd bölgələrində azərbaycanlılara qarşı genişmiqyaslı terror aktları həyata keçiriblər. Bununla yanaşı, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orli qrupu” 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı törədib. Xüsusilə, 1983-cü il iyulun 15-də ASALA terror təşkilatı tərəfindən Türk Hava Yollarının Parisin Orli aeroportundakı ofisinin qarşısına yerləşdirilən partlayıcı maddənin işə düşməsi nəticəsində ikisi Türkiyə, dördü Fransa, biri ABŞ və biri İsveç vətəndaşı olmaqla səkkiz nəfər həlak olub, 28-i türk olmaqla 55 nəfər yaralanıb. Bundan əlavə, Avropanın bir çox ölkələrində fəaliyyət göstərən erməni terror qrupları Fransa, İtaliya və Yunanıstanda həyata keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Bu qanlı terror aktlarına baxmayaraq, “erməni soyqırımı” iddialarının müdafiəçisi olan Ermənistan rəhbərliyi və lobbisi erməni terrorunu unutdurmağa çalışır, terror təşkilatlarının və terrorçuların xatirəsinə müxtəlif tədbirlər keçirir, abidələr ucaldırlar. Ermənistanın paytaxtı Yerevandakı "Yerablur" dövlət hərbi qəbiristanlığında ASALA terror təşkilatının üzvlərinin xatirəsinə ucaldılan abidə və ASALA terrorçularının “qəhrəman” kimi tanıdılması məqsədilə nəşr edilən kitablar bunun bariz nümunəsidir.
XX əsrin 80-ci illərinin ikinci yarısında, ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları və hərbi təcavüzü başlayıb. 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar etnik təmizləmə, soyqırımı, işğalçılıq siyasəti yeridib, nəticədə dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb. Eləcə də, hazırda faşist ideologiyası yürüdən Ermənistan terrorizmi bir dövlət siyasətinə çevirərək bundan Azərbaycana qarşı istifadə edir. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində Ermənistanın xüsusi xidmət orqanları çoxsaylı terror aksiyaları təşkil ediblər. Ümumilikdə, bu illərdə müxtəlif səpkili yaşayış məntəqələrində və mülki obyektlərdə, sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində, sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 1200 nəfər dinc sakinlər həlak olub, 1705 nəfər yaralanıb.
Məlumdur ki, xarici ölkələrdə erməni lobbisi uzun illərdir ki, fəaliyyət göstərir və onlar yaşadıqları ölkənin hökumət, qanunverici orqanlarında demək lövbər salıblar, orada təmsil olunurlar, eləcə də yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrinə də təsir göstərmək imkanları var. Bu baxımdan son günlərdə dünyanın bir sıra ölkələrində azərbaycanlılara qarşı təcavüz hərəkətləri heç də təsadüfi deyil. Erməni lobbisi 1971-ci ildə yaradılmış Amerika Ermənilərinin Milli Konqresi (ANCA) tərəfindən idarə olunur. Onlar fəaliyyətində Azərbaycanı hədəf seçib və Azərbaycana qarşı fobiya var. Ümumiyyətlə, Ermənistan cəmiyyətində bu açıq-aşkar görünür. Azərbaycana, Türkiyəyə qarşı yürüdülən siyasət dünyanın və gözümüzün qarşısında baş verir. Ermənistan bilir ki, bu məsələdə Azərbaycan həm tarixə, həm beynəlxalq hüquqa, həm də ədalətə əsaslanır. Lakin ermənilərin yürütdüyü təcavüzkar siyasət və iddialar heç nəyə əsaslanmır. Erməni lobbisi heç bilmir ki, Dağlıq Qarabağ xəritədə harada yerləşir. Bu baxımdan Azərbaycan dövlət başçısının yürütdüyü siyasət, Azərbaycanın xarici siyasətində milli maraqların üstün tutulması, milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasət heç şübhəsiz ki, erməni lobbisini razı salmır.
Bunun davamı olaraq Ermənistanın baş naziri tərəfindən səsləndirilən fikirlər, Azərbaycana qarşı açıq-aşkar anneksiya siyasəti, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin dünyadakı anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər.
Bununla yanaşı, “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq QHT-lərin, o cümlədən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, “Trensparency İnternational”, “Free Press”, “Mercy Corps”, “Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Repartyorlar”, OCCRP və digər bu kimi qurumlar və bir sıra qərb təşkilatlarının səssizliyi acı təəssüf doğurur.
Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir. Bununla yanaşı, Ermənistan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını ratifikasiya edib. Lakin buna baxmayaraq, uşaqlara qarşı zorakılıq əməlləri törətməkdən çəkinmir, istər müharibə, istərsə də atəşkəs zamanı öz çirkin niyyətlərini həyata keçirir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Bununla yanaşı, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini, habelə müharibə cinayətlərinin mahiyyətini açmaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün beynəlxalq kürsülərdən konkret faktlarla təcavüzkarı ifşa edir. Heç kimdə şübhə yoxdur ki, hazırda Ermənistanda faşist ideologiyası dövlət siyasətinə çevrilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə, xüsusilə 2019-cu ildə Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasını xatırladaraq qeyd edib ki, MDB məkanında, o cümlədən Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub.
Hazırda bu siyasət davam edir və faşizmə xidmət edən Njde, Dro kimiləri Ermənistanda qəhrəmanlaşdırılır, bu antibəşəri fəaliyyət dövlət siyasəti səviyyəsində icra edilir. Ermənistanın baş naziri öz sələflərinin siyasətini davam etdirərək faşistlərin qəhrəmanlaşdırılmasına bəraət qazandırır. Eyni zamanda, Ermənistan hakimiyyətində təmsil olunan yüksək vəzifəli bir sıra şəxslər faşistlərin nəsillərinin davamçılarıdır, onlar ailə bağları ilə faşizm ideyalarına sadiqdir, eləcə də bu xislətləri ilə fəxr edirlər.
Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır, bunu hər kəs və bütün dünya bilməlidir. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi ikili standartları kənara qoyub Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.