Validə Tutayuq - 100 il
26 dekabr 2014-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində Əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, professor, akademik Validə Tutayuqun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi İdarə Heyətinin sədri - icma rəhbəri Bayram Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yubileylə bağlı 16 iyul 2014-cü il tarixli Sərəncamından söz acaraq bildirmişdir ki, bu Sərəncam əsasında ölkəmizin hər yerində bir-birindən maraqlı görüşlərin, tədbirlərin keçirilməsindən, akademikin elmi yaradıcılığına həsr olunmuş “dəyirmi masa”ların təşkil olunmasından danışmışdır. B. Səfərov demişdir:” Validə xanım Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr vermiş və kənd təsərrüfatı sahəsində milli kadrların yetişdirilməsində xüsusi fəaliyyət göstərmişdir. Validə xanım Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr vermiş və kənd təsərrüfatı sahəsində milli kadrların yetişdirilməsində xüsusi fəaliyyət göstərmişdir. Şuşa-Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə məşhurdur. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin keçirdiyi tədbirlərin bir istiqaməti də Qarabağ torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini dərindən öyrənmək, tariximizi, mədəniyyətimizi yaşatmaq, yeni nəsillərə ötürməkdir.”
Şuşa Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vusalə Fətəliyeva öz çıxışında Validə Tutayuqun həyatı, yaradıcılığı, elmi kəşfləri haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Validə Tutayuq haqqında sənədli filmin nümayişi maraqla qarşılanmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik- katibi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü Vaqif Fərzəliyev bu tədbiri təşkil etdiyinə görə Cənab Bayram Səfərova öz təşəkkürünü bildirdi. Akademik öz nitqində Azərbaycan qadınlarının fədakarlığından söz açaraq bildirdi ki, Validə Tutayuq Şərq aləmində bioloq üzrə ilk elmlər doktorudur. Onun kimi alimlərə görə Elmlər Akademiyası yaradılmışdır. Şuşanın alim və akademikləri Azərbaycan xalqının övladlarıdır. V. Tutayuqun ruhu o zaman şad olacaqdır ki, doğma torpaqlarımız işğaldan azad olunsun.
Digər çıxış edənlər- Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Ələkbərov, Botanika İnstitutunun Elmi işlər üzrə prorektoru Eldar Novruzov, AMEA-nın şöbə müdiri Vüqar Kərimov, Şuşa rayon Təhsil şöbəsinin əməkdaşı, biologiya müəllimi Rəsmiyyə Məmmədova öz çıxışlarında Validə Tutayuq haqqında xatirələrindən, elmi kəşflərindən, bir insan kimi xarakterindən söhbət açmışlar.
Tədbirin sonunda Emil Məmmədli Azərbaycan qadınlarının, anaların şərəfinə sözləri Sevil Əliyevaya məxsus “Əziz Ana” mahnısını ifa etmişdir.