Bütün başqa məsələlərdə maraqları daban-dabana zidd olan ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ məsələsində mövqelərinin üst-üstə düşməsi sual doğurur.
Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.
Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanmış və 1992-ci il noyabrın 9-da qüvvəyə minmişdir. Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi. SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü. İndiyədək Yerevan kvotanın pozulmasını inkar edirdi. Beynəlxalq hesabatlara görə, Ermənistanın aldığı silahların böyük hissəsi Dağlıq Qarabağda anbarlarda gizlədilib. Ortaya çıxan hərbi texnikanın siyahısı Ermənsitanın və onu silahlanıdrınların müqavilənin şərtlərini kobud şəkildə pozduğunu göstərir.
Bu günlər Ermənistan tərəfindən humanitar yardım adı altında mülki aviasiya vasitəsilə Ermənistana silahların daşınması həyata keçirilir. 1944-cü ildə Çikaqoda qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 4-cü maddəsinə görə, Konvensiyaya tərəf olan hər bir dövlət mülki aviasiyadan Konvensiyaya uyğun olmayan məqsədlər üçün istifadə etməməlidir.
Prezidentin xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar olunurlar. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Prezidentin həmsədrləri – Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya “vaxt itirməyin” göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik: ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.
Beləliklə, cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur.