Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu.
Azərbaycan işğalçı ölkə deyil. Başqasının torpağında Azərbaycanın gözü heç vaxt olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını istəyir. - Mənasız danışıqlarda Azərbaycan iştirak etməyəcəkdir. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edib. - Boşa çıxmış 30 illik ümidlər. Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir. Azərbaycanın şanlı tarixi yazılır. Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. - Qarabağa həyat qayıdacaqdır. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır. - Sevinc göz yaşları. İşğaldan azad olunan torpaqlar Azərbaycan xalqının sevinc göz yaşlarının səbəbidir. - Güc üstünlüyü artıq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır. - Ermənistanın təcavüzkar tamahı onları bitirəcəkdir.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün Azərbaycan ordusunun son günlərdə atdığı qətiyyətli addımlarla bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir. 1 ay ərzində Azərbaycan ordusunun qüdrətini bütün dünya gördü. Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.
Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qətiyyətli qələbəsi dünyanın informasiya agentliklərinin, televiziyaların diqqətindən qaçmır. Hər kəs, politoloqlar, siyasətçilər Azərbaycan Ordusunun az vaxt ərzində göstərdiyi əzmi, qələbəni təqdir edirlər. Qeyd olunur ki, Azərbaycan artıq 30 il əvvəlki dövlət deyil. Öz Milli Ordusu ilə böyük qələbələr qazanmaqla sübut olundu ki, heç bir siyasi qüvvə Azərbaycanı bu yoldan çəkindirə bilməz. Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar. Bu həm də düşmənin informasiya cəbhəsinə vurulan zərbədir.
Bu gün ən mübariz və ən məğrur insan Ali Baş Komandanımızdır. O hər zaman, eləcə də Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Bütün dünya ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş nazirinin hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadığını gördüsə, eyni zamanda da Azərbaycan xalqının əzmini və ərazilərin işğaldan azad edilməsi üçün bütün xalqın Ali Baş Komandanın ətrafında səfərbər olduğunu gördü.