Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar
Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər.
“Amnesty International”, “Human Rights Watch” və indiyədək Azərbaycanın tənqidi ilə məşğul olan çoxsaylı beynəlxalq təşkilatların ifşası üçün onların son günlər tutduğu mövqe, yenə ikili standartdan çıxış etməsi faktı qabardılmalıdır. Bununla yanası, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri təqdir olunmalıdır. Həmin hesabatlar əsasında beynəlxalq məhkəmələrə müraciət edilə bilər. Bu diplomatik qələbə də yalnız cənab Prezidentin sözügedən təşkilatları israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub, onlar müharibə başlayan zaman uzun müddət Azərbaycana səfər etmək istəməyiblər.
Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.