Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi

14 noyabr 2020 | 16:00

- Qlobal məsələlərlə bir-birinə qarşı daim antaqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda, ətraf 7 rayon daxil olmaqla, ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər;
- Danışıqlar prosesi imitasiya edilirdi, mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoyulmasına çalışılırdı;
- Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı;
- Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı;
- Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu;
- Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu;
- Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu;
- Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi;
- Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir.

Keçidlər