Müzəffər Ali Baş Komandan, bu gün ulu öndər Heydər Əliyevin açdığı yola sönməz işıq yandırdınız, milli dövlətçilik tarixində xilaskarlıq missiyasını şərəflə, qeyrətlə yerinə yetirdiniz
Müzəffər Ali Baş Komandan.
27 sentyabr tarixindən böyük sərkərdəliyinizlə müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda misilsiz döyüş qüdrəti göstərən Zəfər tarixi yazır. Ordumuzun nümayiş etdirdiyi yüksək döyüş əzmi parlaq Qələbələrlə xalqımızı sevindirir. Sizin, 17 il mükəmməl, ardıcıl strateji hazırlığınız uzun illər ümummilli problemə çevrilən “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ” kabusunu aydınlığına çıxardı. Azərbaycan ilk dəfədir ki, itirilmiş torpaqlarını, əlindən alınan haqqını geri qaytara bildi. Bu haqqı və ədaləti bərpa etdiyiniz üçün, torpaqlarımızın ərazi bütövlüyünü təmin etdiyiniz, rəhbərliyinizlə ölkəmizin milli dövlətçilik tarixində ən qudrətli mərhələnin reallığını yaratdığınız, işğalçı üzərində misilsiz, heyranedici Zəfər qazandığınız üçün Sizi təbrik edir, böyük qürür və fəxarət hissi keçiririk.
Biz şuşalılar illərlə gözlədiyimiz bu tarixi Qələbəyə görə dərin minnətdarlığımızı bildiririk. “Əziz Şuşa, sən azadsan!” cümləsi ilə bütün dünyaya Qarabağ mədəniyyət beşiyinin tac şəhərinin milli – mənəviyyatının qayıdışını elan etdiniz. Qarabağda - əzəli tarixi torpaqlarımızda sarsılmaz qələbələr, Ermənistanın tam məğlubiyyəti, kapitulyasiya vəziyyətinə düşməsi, xalqımızın öz haqqını əldə etməsi, milli qürurumuzun, mənəviyyatımızın qaytarılması, mənəvi və hərb Zəfəri çalmağımız Sizin və Azərbaycan Əsgərinin qətiyyətli xidmətidir.
Müzəffər Ali Baş Komandan, bu gün ulu öndər Heydər Əliyevin açdığı yola sönməz işıq yandırdınız, milli dövlətçilik tarixində xilaskarlıq missiyasını şərəflə, qeyrətlə yerinə yetirdiniz. Atanızın “ İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək” arzusunu böyük Qələbə ilə başa çatdırdınız.
“Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik” planı ilə haqq və ədaləti bərpa etdiniz. Bu gün Azərbaycanın birliyinin, həmrəyliyinin əminliyi Sizin adınızı Zəfər tariximizə qızıl hərflərlə yazdı.
22 iyul 1982-ci il tarixdə Şuşada keçirilən Molla Pənah Vaqifin poeziya günlərində ümummilli lider Heydər Əliyev və ananız Zərifə xanım Əliyevanın, şəxsən Sizin iştirakınız şuşalılar üçün hər zaman ən gözəl xatirələrdəndir. Sizin X.B.Natəvanın bulağından su içməyiniz, şəkillər çəkdirməyiniz Şuşa günlərinin əziz yaddaşıdır. Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi rəmzi əhəmiyyəti olan Şuşa şəhərinin Pənahəli xan tərəfindən bünövrəsinin qoyulmasının 270 illiyi tarixində bu gədim şəhərin şərəf və ləyaqətini şuşalılara bəxş edən Ali Baş Komandana ömrümüz boyu, nəsillər dəyişdikcə minnətdar olacağıq.
Əziz Prezidentimiz, Allah Sizi qorusun! Allah gələcəyə olan aydın, daha xoşbəxt, firavan strateji baxışlarınızı, yaratmaq istəklərinizi həyata keçirməkdə köməyiniz olsun.
Qarabağı, Şuşanı bizə qaytardınız!
Böyük hörmət və məhəbbətlə,
Şuşalılar adından
Bayram Səfərov
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı