Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür.

19 yanvar 2021 | 16:00

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.

O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.

Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi.  20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Bu il xalqımız 20 Yanvar hadisələ­rinin 30-cu ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nı  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Keçidlər