Bu gün Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalı günüdür.
1992-ci il fevral ayının 11-də Ermənistan silahlı qüvvələri Şuşanın Malıbəyli və Quşçular kəndini işğal etmişdir. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərinin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib. Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uçaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib.
İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.
Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinin erməni separatçıları tərəfindən işğalının 23-cü ildönümü ilə bağlı 11.02.2015-ci il tarixdə Malıbəyli və Quşçular kənd əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı Sabunçu rayonu “Ramana - 450” və Pirşağı qəsəbəsi, “Gilavar” sanatoriyasında tədbirlər keçirilmişdir.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisə rəhbərləri, ziyalılar, kənd sakinləri, məktəblilər iştirak etmişdir.
Cənab Bayram Səfərov, Elman Məmmədov öz çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, erməni vandallarının törətdiyi terrorizmdən, azərbaycanlıların soyqırıma məruz qalmasını təsdiqləyən faktlardan söhbət açmışlar.
Digər çıxış edənlər də Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin törətdiyi vəhşi əməllərin bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu bir daha vurğulamışlar.
Şuşada doğulmayan məktəblilərin ifasında şəhidlərimizin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Sonda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cənab Prezidentin prinsipial mövqeyi, dövlətimizin artan sosial-iqtisadi inkişafı nəticəsində beynəlxalq arenada söz sahibi olması, böyük qələbəyə olan inam və ümid ifadə olunmuşdur.