Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” cəmiyyətin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir

05 fevral 2021 | 16:00

Milli Priorityetlər mühüm dövlət konsepsiyasıdır, buarada nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəlidir və bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr durur. Ona görə də, Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanacaqdır. Sənəddə 5 strateji hədəf və hər hədəfə uyğun alt prioritetlər müəyyən edilib. Birinci hədəf dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğudur. Həmin hədəfə uyğun olaraq qarşıdakı 10 il ərzində yüksək iqtisadi artımın və ölkənin davamlı inkişafının təmin edilməsi üçün möhkəm zəmin yaradılması nəzərdə tutulubdur. Burada həm davamlı və yüksək iqtisadi artım, həm də daxili və xarici təsirlərə dayanıqlıq kimi alt prioritetlər əsas yer tutur. Ümumilikdə, prioritetlərə əsasən, 2030-ci ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasə proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun əsas drayver kimi gücünün artırılması nəzərdə tutulubdur. Hazırda neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, yaxın on ildə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevriləcək. Qeyri-neft sektorunun əsas şaxələrinə dövlət dəstəyi ilə bərabər, özəl sektorun maliyyə dəstəyi də artırılacaq. Belə ki, plana əsasən, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməli, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.
İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılmalıdır.
Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.
Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.
Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.

Keçidlər