Şuşa Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
17 fevral 2015-ci il tarixdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Mərkəzi Qərargahında Şuşa Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Tədbirdə 125 nəfər iştirak etmiş və 20 nəfər çıxış etmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçək dəstələri düzmüş, Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər. Sonra yığıncaq iştirakçıları “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Mərkəzi Qərargahının akt zalının qarşısındakı foyedə düzülmüş stendlərdən Şuşa rayonu üzrə 2014-cü ilin yekunlarını əks etdirən statistik göstəricilərlə tanış olmuşlar.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov iştirak etmişlər.
Yığıncağa İcra nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilmişdir.
Yığıncaq iştirakçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün Azərbaycan övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yığıncaqda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov çıxış edərək bildirmişdir ki, regionların inkişafının təmin edilməsi ilə bağlı icra edilən dövlət proqramları bölgələrin simasını büsbütün dəyişmiş, yeni iş yerlərinin açılmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə yol açmış, əhalinin sosial durumunun və yaşayış səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
Ötən ildə də əsas diqqət köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, əhaliyə xidmət edən idarə, müəssisə və təşkilatların, icra strukturlarının işinin səmərəli qurulmasına yönəldilmişdir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, bir sıra ciddi tədbirlər həyata keçirilmişdir. Cənab Başçı gənclərə dövlət qayğısından, gələcək nəslin sağlam böyüməsi üçün həyata keçirilən layihələrdən söz açmışdır.
Hesabat məruzəsi ətrafında Şuşa rayonu üzrə Maliyyə şöbəsinin müdiri Böyükağa Əhmədov, rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Mərkəzi rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Şuşa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Emil Babışov çıxış etmişdir.
Şuşa rayon Ağsaqqallar Şurasının sədri Məmməd Hacıyev, Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vəsilə Xəlilova, fermer Pənah Fərzəliyev, Qaybalı KİƏD üzrə nümayəndə Rasim Əliyev , Quşçular KİƏD üzrə nümayəndə Sahib Musayev, Zarıslı KİƏD üzrə nümayəndə Nəbi Əzimov, Göytala KİƏD üzrə nümayəndə Sabir Quliyev, Malıbəyli KİƏD üzrə nümayəndə Müzəffər Babayev, Sarıbaba KİƏD üzrə nümayəndə Araz Quliyev, Səfixanlar KİƏD üzrə nümayəndə Əhəd Həsənov, Turşsu QİƏD üzrə nümayəndə Müşfiq İbişov, Xanalı KİƏD üzrə nümayəndə Çingiz Əliyev, Şırlan KİƏD üzrə nümayəndə Namiq Hüseynov çıxış edərək Başçının hesabatını yüksək qiymətləndirmiş, Rayon İcra Hakimiyyətinə öz təşəkkürlərini bildirmiş, bəzi təkliflərini irəli sürmüşlər.
İclasda çıxış edənlər şuşalıların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inamlarını bildirdilər.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev və Milli Məclisin deputatı Elman Məmmədov çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Aqşin Əliyev çıxış edərək, 2015-ci il yanvar ayının 27-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda ölkə başçısı tərəfindən irəli sürülən bir çox məqamlara toxunmuş, öz tapşırıq və tövsiyələrini vermiş, neqativ halların aradan qaldırılması üçün hər bir məmurun işinə daha məsuliyyətlə yanaşmasını tələb etmişdir.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edənlər fəxri fərmanla təltif olunmuşdur.