Xocalı soyqırımı-23 il
24 fevral 2015-ci il tarixdə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri-icma rəhbəri Bayram Səfərov açmışdır. B. Səfərov bildirmişdir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən faciəli hadisələrdən biri Qarabağın qədim yaşayış məskəni olan Xocalıda dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı olmuşdur. "Xocalıya ədalət" kampaniyası Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində xeyli iş görüldüyü başçı tərəfindən diqqətə çatdırılmışdır. Beynəlxalq informasiya və təbliğat kampaniyası bir çox ölkədə tədbirlər və aksiyalar keçirmiş, Xocalı soyqırımı haqqında həqiqi məlumatların dünyada yayılmasına nail olmuş, ermənilərin törətdiyi bu vəhşi əməllər bəşəriyyətə qarşı cinayət kimi təbliğ edilmişdir. Bayram Səfərov Azərbaycan dövlətinin iqtisadi qüdrətindən, beynəlxalq aləmdə söz sahibi olmasından, güclü və mükəmməl bir orduya sahibliyimizdən söz açmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olmuş doğma yurd yerlərində tezliklə müqəddəs bayrağımızın dalğalanacağını bildirmişdir.
Tədbirdə Modern.az saytının redaktoru Elşad Eyvazlının ssenarisi əsasında çəkilmiş ”Böyüməyən usaqlar” filminin təqdimatı olmuşdur. Hər iki valideynini Xocalı faciəsində itirmiş 25 uşağın (indi isə hərəsi özü bir dünya olan gənclərin ) o illərlə bağlı xatirələri hər kəsi göz yaşlarına boğdu. Cənab Bayram Səfərov hər birinin taleyini əzbər bildiyi bu gənclərlə fəxr etdiyini bir daha diqqətə çatdıraraq, qeyd etdi ki, sizlərin qarşısında baş əyir və valideynlərinizə Allahdan rəhmət diləyirəm.
Sonra Bəstəkar Sevinc Tofiqqızının Xocalı soyqırımına həsr edilmiş klipi nümayiş etdirilmişdir. S. Tofiqqızı bu ədəbi-bədii kompozisiyada əks olunan ağrı-acını dilə gətirərək, klipin ərsəyə gəlməsində köməklik göstərdiyinə görə Bayram Səfərova öz təşəkkürünü bildirmişdir.
Sonda Şuşa Dövlət Musiqili Dram Teatrı aktyorlarının ifasında - müəllifi Enurə Abdullayeva olan “Ağ qayıq” tamaşası yeni variantda göstərilmişdir.