Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilib.
Tədbir öz işinə başlamazdan əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Tədbir öz işini “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qərargahında davam edib. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Tədbirdə Şuşa rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətinə həsr olunmuş foto-slayd təqdim olunub.
Konfransı giriş sözü ilə açan “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan Xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimizin səsi mötəbər kürsülərdən gəlir, bütövlükdə cəmiyyətimizdə aparıcı rol oynayırlar. Daha sonra natiq qeyd edib ki, gənclərin fəallığı, onların intellekti respublikamızı daha da gücləndirir.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən, onun bu gün prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, vətənpərvərlik nümunəsi göstərən Azərbaycan gəncliyindən söz açaraq əldə olunmuş nailiyyətlərin ölkə siyasətində gənclərə önəmli yer ayrılması ilə əlaqələndirmişdir.
Konfransda çıxış edən İdarə Heyətinin üzvləri Vüsalə Fətəliyeva, Ramiq Məhərrəmov və başqaları ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətindən danışmışlar.
Sonra YAP Şuşa rayon təşkilatının Gənclər Birliyinin şurasına 9, İdarə Heyətinə isə 5 nəfərdən ibarət üzv seçilib. Rayon təşkilatının Gənclər Birliyinin sədri Yapon Hacıyev, müavini isə Namiq Hüseynov seçilib.
Konfransda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər mükafatlandırılıb.