Şuşa şəhərində uzun fasilədən sonra bu il birinci dəfə şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xarıbülbül” musiqi festivalı keçirilmişdir
Mayın 12-si və 13-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi .Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak etdilər.Tədbirdə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilmişdir.
Festivalın açılışında çıxış edən Prezident cənab İlham Əliyev bildirdi ki, "Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir"
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. Həmin il festival Ağdam rayonunun Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının baş qaldırdığı vaxtda festivalın Şuşa şəhərində keçirilməsi həm də bu ərazilərin əsl sahiblərinin azərbaycanlılar olmasına dair verilən bir mesaj idi. 1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, düşmən tapdağı altında qalan ərazilərimiz ötən müddətdə yerlə-yeksan olunsa da, Vətən müharibəsində əldə edilən zəfər nəticəsində bu torpaqlarda həyat yenidən dirçəlməyə başladı.
Cıdır düzündəki budəfəki «Xarıbülbül» musiqi festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildi. Festivalın ilk günündə Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid vətəni olduğunu, hər bir vətəndaşın da bu torpaq uğrunda yaşadığı ideyasını çatdırıb. Festivalın ilk günündə əfsanəvi Bülbülün, Seyid Şuşinksinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifaları da səsləndirilib.