Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Silahlı Qüvvələr günüdür

26 iyun 2021 | 16:00

Bu tarix 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qərarı  ilə ilk müntəzəm hərbi-əlahiddə korpusun yaradılmasından başlanır.

İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir.

Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması, möhkəmləndirilməsi, inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “1993-cü ildə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu. O vaxta qədər isə ordu quruculuğu istiqamətində heç bir uğurlu addım atılmamışdır. Ermənistan dövlətinin davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir tədbir görülmürdü. Səriştəsiz, qeyri-peşəkar rəhbərlərin laqeyd münasibəti nəticəsində konkret şəxslərin məhdud siyasi maraqlarına xidmət edən, xarici qüvvələrin əlində oyuncaq olan silahlı dəstələr var idi ki, onların da fəaliyyəti ölkənin parçalanmasına gətirib çıxarırdı. Lakin ulu öndərin dövlətçilik təcrübəsi, sərkərdəlik məharəti, xalq içərisində olan inamı və hörməti ordunun yenidən qurulmasına kömək etdi. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən siyasi birləşmələr ləğv edildi, yeni səfərbərlik elan edildi, hərbi hissələr təsis edildi, vahid komandanlığa tabe olan nizami Ordu yaradıldı.

 Silahlı Qüvvələrimiz qarşısında ən böyük sınaq isə 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi oldu. Azərbaycan Ordusu qorxmadan, çəkinmədən böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda mübarizə apardı. İstər meşə, istər dağ, istərsə də şəhər döyüşlərində Ordumuz misilsiz qəhrəmanlıq göstərdi və bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur. Bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan əsgərinin uğurudur. Müharibə nəticəsində işğal altında olan torpaqlarımız tamamilə azad olundu, Ermənistan ordusu sıradan çıxarıldı, təcavüzkarın işğalçılıq arzuları və faşist düşüncəsi məhv edildi. 

Silahlı Qüvvələrimiz 103-cü ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. 

Hörmətli, zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayırıq!

 

 

Keçidlər