8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir
07 mart 2025 | 16:19
07.03.2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, icra hakimiyyətinin məsul işçiləri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin sədri İlkanə Hüseynli iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verərək bildirdi ki, 114 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. Bu gün isə bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Vüsalə Fətəliyeva cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq bildirdi ki, bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb, onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmaları ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsidir.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin sədri İlkanə Hüseynli və çıxış edənlərin hər biri xanım iştirakçıları gözəl bayram münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonda qadınlara bayram günü münasibətilə hədiyyələr təqdim olunmuşdur. Tədbirdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısına və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsininin sədrinə öz minnətdarlıqlarını bildirmişdir.