8 noyabr – “Zəfər Günü” ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin və Şuşa Mədəniyyət evinin təşkilatçılığı ilə Şuşa şəhər 7 saylı tam orta məktəbdə bayram tədbiri keçirildi
07 noyabr 2024 | 17:22
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edirdi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva noyabrın 8-nin Azərbaycan tarixindəki yerindən bəhs etdi. O, Zəfər Gününün dünya azərbaycanlılarının, ümumilikdə Türk dünyasının bayramı olduğunu vurğuladı. 30 ildən sonra əldə olunan Zəfərin təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Vüsalə xanım Fətəliyeva canlarından keçmiş Vətən oğullarının xatirəsini əziz tutmaq, onları gələcək nəsillərə tanıtmağın hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd etdi.
Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan şanlı Qələbənin zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməsi oluğunu qeyd etdilər.
Tədbirdə rayonun musiqi məktəblərinin müəllimlərinin və şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndirildi. Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən müharibə iştirakçılarına Fəxri Fərmanlar təqdim olundu, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.