Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər günü münasibəti ilə şəhid ailələri və qazilərin iştirakı ilə bayram tədbiri keçirildi

08 noyabr 2022 | 16:34
8 noyabr - Zəfər günü münasibəti ilə Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirildi. Bayram tədbirində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa rayon YAP təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Bayramov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elxan Ələkbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon şöbəsinin rəisi Seymur Qurbanov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev, Şuşa şəhərinə Şanlı bayrağımızı sancan həmyerlimiz, polkovnik Səbuhi Abdullayev, ziyalılar, məktəb direktorları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi qeyd edildiyini vurğulayıb. Bayram Səfərov bu Şanlı Qələbə münasibətilə başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev olmaqla şəhid ailələrinə, qazilərimizə öz təbriklərini çatdırdı. Bayram süfrəsi ətrafında davam etdirilən tədbirdə çıxış edən idarə, müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər möhtəşəm Qələbəmizin şanlı tariximizin ən böyük hadisəsi olduğunu, xalqımıza bəxş etdiyi böyük Qələbəyə, Azərbaycanımızın daha da qüdrətlənməsi və çiçəklənməsi naminə şərəfli fəaliyyətinə, işğaldan azad olunmuş torpaqlarımızda aparılan iri həcmli quruculuq-abadlıq işlərinə, habelə şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkürlərini və sonsuz minnətdarləqlarını bildiriblər. Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin hərbi orkestrinin solisti Vüsal Ağayevin, Şuşa Humanitar Kollecinin tələbəsi Nurlan Səfərovun, Bülbülcan adına musiqi məktəbinin müəllimi Xəyalə Əliyeva və Səyavuş Mediyevin ifalarında səsləndirilən vətənpərvərlik ruhunda mahnılar, Malıbəyli kənd Uşaq musiqi məktəbinin "Şuşanın dağları" ansamblının ifasında təqdim edilən "Zəfər" kompazisiyası tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Bayram tədbirinin sonunda şəhid ailələri və qazilərə hədiyyələr təqdim edildi, onlarla xatirə şəkili çəkdirildi.
Keçidlər