39 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Şuşada təşkil olundu
Zəngin və unikal mədəniyyətə, şanlı tarixi keçmişə malik xalqımızın şərəfli inkişaf yolunun ən qürurverici səhifəsi, təbii ki, Vətən müharibəsində möhtəşəm qələbəmiz, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan xalqının bu Qələbə salnaməsi , Müzəffər Ali Baş Komandanımızın siyasi iradəsi və Xalq-Dövlət -Ordu birliyi sayəsində yaradılıb. Bu gün işğaldan azad olunmuş torpaqlar quruculuq meydanına çevrilib. Prezidentin işğaldan azad olunmuş rayonlara səfəri zamanı -“Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün sözləri, vədləri yerinə yetirib. Necə ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən dövlətimizin başçısı sözlərinə sadiq qalaraq Ermənistanın faşizm siyasətini məhv etdi, Qarabağı işğaldan azad etd, hazırda da “Qarabağda cənnət yaradacağıq” vədini addım-addım yerinə yetirməkdədir. Prezident İlham Əliyevin bu dəfə işğaldan azad olunmuş Qarabağımızın tacı olan Şuşaya səfəri, səfər zamanı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Qarabağın hava qapısı olan Füzuli rayonunda hava limanının iqşası, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işlərinin aparılması, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin, eyni zamanda, Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışının, Şuşada Vaqif Poeziya Günləri keçirilməsi, Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işlərini aparılması, həmçinin, “Otel və Konfrans Mərkəzi”nin və yeni yaşayış massivinin təməlqoyma mərasimi, “Qarabağ” hotelinin açılışı, bir sıra bərpalar barədə göstərişlər verməsi dövlətimizin başçısının “Qarabağda cənnət yaradacağıq” vədinin növbəti reallığıdır.
30 -31 avqust tarixlərində 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra yenidən təşkil olunmuşdu.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı onun milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük marağının təzahürü idi. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib.
Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki açılış mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi səslənib.Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər.
Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün Şuşada keçirilən tədbirdə səslənən şeirlər də, oxunan mahnılar da Vaqif ruhuna çox yaxın idi.
Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması qayıdışımızın təntənəsidir. Bu gün də belə bir növbəti təntənəyə şahidlik edirik. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdən Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir.