8 noyabr – “Zəfər Günü” ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilmişdir
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Aparatın məsul işçiləri, Şuşa rayon idarə, müəssisə rəhbərlərinin, ziyalıların, müəllimlərin, Şuşa rayonundan olan qazilərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin məzarları Şəhidlər Xiyabanında ziyarət olunmuşdur. Şəhid məzarları üzərinə tər qərənfillər düzərək onların əziz xatirələri ehtiramla yad olunmuşdur.
Şuşa Rayon İcra Hakimiyyətinin binasında 8 noyabr – “Zəfər günü” ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərov “Zəfər günü” münasibətilə bütün şuşalıları , Azərbaycan xalqını təbrik edərək Vətən müharibəsində Azərbaycan Ordusunun böyük Zəfərə imza atdığını, igid oğullarımızın qəhrəmanlıq göstərdiyini, istər birinci, istərsə də ikinci Qarabağ Müharibəsində şəhid olmuş hərbçilərimizin və mülki əhalimizin qisasının alındığını bildirmişdir. Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərimizin ailə üzvləri, eləcə də qazilərimizin hər zaman dövlətimizin diqqət mərkəzində olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif edildiyini vurğulayan Bayram Səfərov Zəfər Gününun tariximizə qızıl hərflərlə yazıldığını bildirmişdir.Çıxış edən digər ziyalılar bildirdilər ki, Şanlı tariximiz olan Zəfər Günün ölkəmizin hər bir şəhərində,qəsəbəsində,kəndində böyük təntənə ilə qeyd olunması hər bir Azərbaycanlıya qürur verir. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini, Zəfər Günü sevincini bizə yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza dərin məhəbbəti ifadə etmişlər. Tədbir geniş konsert proqramı ilə davam etdirilmiş, vətənpərvərlik ruhunda müxtəlif musiqilər səsləndirlmiş , Rayon İcra Hakimiyyəti tərəfindən qazilərimizə hədiyyələr təqdim olunmuş, qazilərimiz ilə xatirə şəkilləri çəkdirilmişdir