Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür

09 noyabr 2021 | 16:00

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Yüz ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayrağımız insanlarımız üçün müqəddəs ideal rəmzinə çevrilmişdir. Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. Ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması  həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bu gün qürurla deyə bilirik ki, dövlətimizin bayrağı dünyanın mötəbər təşkilatlarının qarşısında dalğalanır. Son illər Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artdığını nəzərə alsaq, bayrağımızın bütün səviyyələrdə yüksəldiyini əminliklə deyə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində zəfər qazandı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, müdrik və uzaqgörən siyasəti, eyni zamanda ordumuzun vətənpərvər, peşəkar zabit və əsgərlərinin şücaəti, qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda əzəmətlə, qürurla dalğalanır.

Keçidlər