31 mart –Azərbaycanlıların Soyqırımı Günü
Martın 31-də Şuşa şəhər 3 saylı orta məktəbində ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə ümumrayon yığıncağı keçirilmişdir. Yığıncaqda zaman-zaman xalqımıza qarşı törədilən soyqırımlar barədə konkret tarixi faktlar diqqətə çatdırılmışdır.
Ümumrayon tədbirində erməni millətçilərinin son iki əsrdə azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı nəticəsində xalqımızın üzləşdiyi ağır faciələrdən söhbət açılmışdır. Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri 1918-ci ildə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu hadisələr zamanı dinc əhali kütləvi şəkildə məhv edilmiş, kəndlər yandırılmış, milli abidələr dağıdılmışdır. Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, evlər qarət edilmiş, on minlərlə şəxs evlərindən qovulmuşdur. Təkcə Bakıda 30 min nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər öldürülmüşdür. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilmişdir.
Azərbaycan xalqına qarşı törədilən bu tarixi ədalətsizliyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir.
26 mart 1998-ci il tarixli Sərəncama əsasən hər il martın 31-də ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi yad edilir.
Yığıncaqda ötən əsrin sonlarında Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı zamanı Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən daha bir dəhşətli soyqırımının həyata keçirildiyi də diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, əsrin faciəsi olan Xocalı soyqırımı, etnik təmizləmə siyasəti məhz erməni vəhşiliklərinin ən dəhşətli faktlarındandır. Erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər - Xocalı faciəsi bəşər tarixinin ən qanlı soyqırımlarından biridir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti, uğurlu xarici siyasət xətti barədə geniş və ətraflı məlumatlar verilmişdir. Möhtərəm Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Bu gün Azərbaycan regionun ən güclü dövlətidir, ölkəmizin iqtisadi və hərbi potensialı sürətlə artır. Torpaqlarımızı hər zaman azad edə biləcək qüdrətli ordumuz var.
Tədbirdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə əlaqədar tarixi faktlara əsaslanan sənədli film nümayiş etdirilmişdir.