Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun "Azərbaycan" qəzetində "Xilaskar Lider" başlıqlı məqaləsi dərc edilmişdir
Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi türk birliyinin böyük etimadı, diqqəti və məhəbbətidir. Şanlı Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi 30 il əsarət və işğalda qalmış torpaqlarımızın həsrətinə son qoydu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi ilk gündən mütəşəkkil diplomatiya, informasiya, beynəlxalq kürsülərdə apardığı mübarizə, ordunun müasirləşərək güclənməsinə olan böyük diqqət Qələbəmizi - Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərara görə Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olan Şuşanın tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Prezident İlham Əliyevin 7 may 2021-ci ildə Şuşa şəhərini Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi şanlı tariximizdə böyük hadisə sayılır.
Mürəkkəb və çətin şəraitdə hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində sarsılmaz iradə, güclü qətiyyət, rəşadətli ordunun və qəhrəman oğulların misilsiz şücaətilə qazanılmış Zəfərin birinci ildönümünü - Zəfər gününü böyük sevinclə, fəxrlə, qürurla, minnətdarlıqla qeyd etdik. Bu Zəfər türk dünyasının qiymətləndirdiyi, sevindiyi, dəstək olduğu şanlı Qələbədir. Ədaləti yorulmadan müdafiə edən, təşəbbüskar və hər bir məsələyə böyük diqqətlə yanaşan Prezident İlham Əliyevin uğurları türk xalqlarının böyük sevincinə səbəb oldu. Müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqlar indi də tikinti-bərpa və quruculuq işlərində davam etdirilir. İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edərək Azərbaycan üçün çox önəmli bir zamanda - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə imzaladı.
“Şuşa Bəyannaməsi” müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bununla öz zirvəsinə yüksəldi və yeni bir mərhələyə qədəm qoydu. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini bundan sonra da artıracaq.
Bu gün Türkiyənin bir çox şirkətləri işğaldan azad olunmuş ərazilərdə çox önəmli infrastruktur layihələrində çalışırlar. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün ən çox dəstək verən ölkə Türkiyədir. Körpülər, tikililər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları - bütün bu işlərdə Türkiyə şirkətləri fəal iştirak edirlər.
1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşir. Xalqlarımız arasında birlik, qardaşlıq gündən-günə böyük coğrafiyanı əhatə edir. Türkiyənin gücünü, siyasi, iqtisadi, hərbi qüdrətini indi dünyada bilməyən yoxdur. Bu gün türk dövlətləri üçün möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımızdır.
Prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi isə türk birliyinin böyük etimadı, diqqəti və məhəbbətidir. Qarabağın azad edilməsində göstərilən böyük səylər və türk birliyinin güclənməsi işinə töhfələrinə görə təltifi Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan təqdim edərək bildirmişdir ki, “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün müddətində son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur. Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.
Türk Dünyasının Ali Ordeninin təqdim etməkdən dərin məmnunluq duyan Türkiyə Prezidenti azadlıq yolunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad etdi.
Prezident İlham Əliyev bildirdi ki, bu ali mükafat türk dövlətləri tərəfindən işinə və fəaliyyətinə verilən çox yüksək qiymətdir və bütün Azərbaycan xalqına verilmiş mükafatdır.
Türkiyə ilə Azərbaycan arasında hər zaman dostluq, qardaşlıq, geniş əməkdaşlıq əlaqələri olmuş, bu əlaqələrin daim inkişaf etməsi üçün hər iki tərəf böyük səylər göstərmişdir. Yalnız iki dost, qardaş türk dövləti arasında məhdudlaşmayan münasibətlər əslində bütün türk dünyasını əhatə edir. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan olmaqla, ümumtürk birliyinin yaranması türkdilli dövlətlər arasında beynəlxalq münasibətlərin bütün sahələrində müstəqil əlaqələrin qurulmasına, türkdilli dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar açır.
Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır.
Azərbaycan Prezidentinin fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün ölkəmiz türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Bütün həyatı boyu türkdilli xalqların milli-mənəvi dəyərlər sisteminin müdafiəsində dayanmış Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin fəaliyyətində dünya siyasətinə təsir imkanları güclü olan türkdilli dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, vahid ideya və məqsədlər uğrunda mübarizə aparmaq, eyni mövqe nümayiş etdirmək, erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulmaq ən çox diqqət yetirilən məsələlərdir.
Prezident İlham Əliyev avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində 2022-ci ildə Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd etmək planını elan etdi. Qarabağ xanlığının mərkəzi olan Şuşanın yubileyinin keçirilməsi Zəfər tariximizdə, həm də qədim tarixi ənənələri olan türk dünyasında mühüm hadisələrdən biri olacaq.
Əziz Prezidentimizi şanlı Zəfər günü və Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibəti ilə şuşalılar adından təbrik edirəm. Bu gün Şuşa azaddır. İndi Şuşa məscidində azan, Cıdır düzündə muğam, Vaqifin məqbərəsində şeirlər səslənir, bulaqlardan su gəlir, məscidlər, abidələr bərpa olunur, geniş bərpa-tikinti və quruculuq işləri aparılır, bayram günlərində atəşfəşanlıq işıq saçır.
Azərbaycan tarixində misli görünməmiş uğurlara qızıl hərflərlə imza atan Xilaskar Prezidentə, ədaləti yorulmadan müdafiə edən Rəhbərə möhtəşəm işlərində cansağlığı, uğurlar arzu edirəm.
Bayram SƏFƏROV,
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı
https://www.azerbaijan-news.az/az/posts/detail/xilaskar-lider-231514