Şriftin ölçüsü :

Saytın rəngi :

Laçının erməni işğalından azad olunmasından bir il ötür

01 dekabr 2021 | 16:00

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 28 il işğal altında olan Laçın rayonu qəsbkarlardan azad edilib. 2020-ci ilin dekabrın 1-də Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.

Bu il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Laçın rayonunda olublar. Dövlət başçısı rayonun Güləbird kəndində Azərbaycan bayrağını ucaldıb. Onlar “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər. Prezident stansiyanı işə salıb.

Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Dövlət başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunan tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Həmçinin Prezident İlham Əliyev Kəlbəcər-Laçın rayonlarını birləşdirəcək İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur yaradılır, rayon dirçəldilir. Laçının 80 minə yaxın əhalisi doğma yurda qayıdış gününün başlamasını səbirsizliklə gözləyir.

Keçidlər