Bu gün Beynəlxalq Könüllülər Günüdür!
Könüllülük xalqın, cəmiyyətin ən xoş niyyətlərinin uğrunda fəaliyyət göstərməyə sövq edən, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, zəngin milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Ölkədə gəncliyə böyük diqqət və qayğının əsası müasir Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli vətənpərvər fəaliyyətinin, yüksək milli təəssübkeşliyinin nəticəsində qoyulub. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncliyin gələcəyinə uzaqgörənliklə xüsusi yanaşan müdrik dövlət xadimi Heydər Əliyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin müəllifi və banisidir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılması prioritet məsələlərdəndir.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könülüllər il”i” elan etməsində də məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir. Azərbaycanda həyata keçirilən gəncləşmə siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, "Formula 1" yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. Sevindirici haldır ki, son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var. Bu gün dünyada qlobal təhdidə çevrilən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar minlərlə könüllü Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq pandemiya ilə mübarizədə əhalinin maarifləndirilməsi, həssas kateqoriyadan olan insanlara sosial xidmətlərin göstərilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş soydaşlarımıza köməkliyin edilməsi, Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinə və yaralı əsgərlərə mənəvi dəstək və digər istiqamətlərdə xidmətlər göstərir. Xeyirxah, vətənpərvər, savadlı, mənəvi zəngin Azərbaycan Könüllülərini Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, nəcib missiyalarında müvəffəqiyyətlər arzulayırıq.