Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanda Novruz bayramı qeyd edilir

20 mart 2022 | 16:00

Bu il bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 13:37:00-da daxil olacaq.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz təbiətin dörd ünsürü ilə - Su, Od, Yel, Torpaq ilə bağlıdır. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Keçidlər