Şəhid Məmmədov Pərviz Şakir oğlunun doğum günündə onun əziz xatirəsinə həsr edilən lövhənin açılışı oldu
25 mart tarixində Bərdə rayonu, köçkün şəhərciyində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Şuşa rayonundan olan Məmmədov Pərviz Şakir oğlunun doğum günündə onun əziz xatirəsinə həsr edilmiş lövhənin açılışı olmuşdur. Tədbirdə Şuşa, Xocalı və Bərdə rayon icra hakimiyyətlərinin əməkdaşları, ziyalılar, Şuşa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ələkbərov Elxan, qazilər iştirak etmişlər. Çıxış edənlər şəhidlərimizin əziz xatirəsi yad etmiş, qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və şücaət yüksək qiymətləndirmişlər. Sonra vətənpərvərlik ruhunda müxtəlif musiqi nümunələri səsləndirilmişdir.
Məmmədov Pərviz Şakir oğlu 25 mart 2001-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 2007 -ci ildə İsrafil Şahverdiyev adına Laçın rayonu Ağanus kənd tam orta məktəbinin 1-ci sinfinə getmidir. Bir qədər sonra orta təhsilini Şuşa şəhər 18 nömrəli tam orta məktəbində davam etdirmişdir. 2018-ci ildə həmin məktəbi bitirmişdir.
O, 2 aprel 2019-cu ildə Azərbaycan Ordusu sıralarında hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə atılmış, 29 sentyabr 2020-ci ildə Füzuli – Cəbrayıl istiqamətində “Nügzar postu”nda qəhrəmancasına şəhid olmuşdur. Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarına Allah rəhmət eləsin!