Şriftin ölçüsü :

Saytın rəngi :

Başlıbel faciəsi erməni vandalizminin daha bir nümunəsidir

18 aprel 2022 | 16:00

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilərin törətdiyi qətliamdan 29 il ötür.  Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər -  I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bugünədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.Başlıbel faciəsi ermənilərin Xocalı, Ağdaban, Qaradağlı və Ballıqayada törətdikləri qətliamlarla sinxron təşkil edir. Dinc sakinlərin - uşaq, qadın, qoca demədən hər kəsin vəhşiliklə qətlə yetirilməsi erməni faşizminin xarakterini özündə ehtiva edir. 44 günlük Vətən müharibəsində ermənilər tərəfindən Gəncə, Tərtər və Bərdəyə raket hücumlarının edilməsi və bu hücumlar nəticəsində çoxlu sayda dinc insanın qətlə yetirilməsi də erməni vandalizminin əyani göstəricisidir. 44 günlük Vətən müharibəsində məğlub olan işğalçı Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur olub. 10 noyabr birgə Bəyanatına əsasən, ötən il noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi Azərbaycana təhvil verilib.

Keçidlər