Şriftin ölçüsü :

Saytın rəngi :

Gulağa Zeynalovun xatirəsinə və tədris ilinin yekununa həsr olunan hesabat konserti keçirilmişdir.

27 aprel 2015 | 15:00

Aprelin 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Niyazi adına Şuşa şəhər uşaq incəsənət məktəbi şagirdlərinin, məktəbin məzunu, tanınmış tarzən Gulağa Zeynalovun xatirəsinə və tədris ilinin yekununa həsr olunan hesabat konserti keçirilmişdir. Tədbiri məktəbin direktoru Mirkamil Ağamirov açaraq ənənəvi hesabat konserti haqqında məlumat verdi. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov məktəbin fəaliyyətini yüksək qiymətləndirdi, pedaqoji kollektivə təbrikləri çatdırdı. Bayram Səfərov mərhum Gulağa Zeynalovun ifaçılıq sənətindən də söz açdı. Bildirdi ki, o, sənətkar və insan kimi bənzərsiz idi, Şuşa ictimaiyyətinin böyük hörmətini qazanmışdı. İşlədiyi Mədəniyyət və İncəsənət universitetində böyük hörməti olub. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Mədəniyyət və İncəsənət şöbəsinin müdiri Zahid Abbasov, Mədəniyyət və Turizm universiteti aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov, əməkdar artistlər-xanəndə Teyyub Aslanov, tarzən Vamiq Məmmədəliyev, kamançaçı Nazim Əsədullayev çıxış edərək xatirələrini bölüşdülər. Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Mirkamil Ağamirov, Gulağa Zeynalova həsr etdiyi şeirlərini, IV Muağam televiziya müsabiqəsinin diplomantı, məktəbin müəllimi Murad Abduləzimov  “Kimlər gəldi, kimlər getdi...” mahnısını, məktəbin müəllimləri Aynur Ağamirova F.Qoyyanım “Pyes”ini, Gümanə Mərdiyeva “Bu ayrılıq nədən oldu” mahnısını ifa etdilər. Vaxtilə Gülağa Zeynalovun dirijorluğu ilə xalq çalğı alətləri orkestrinin ifasında lentə alınmış Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, C.Cahangirovun “Zərif gülüşüm” və s. əsərlərdən ibarət video-slayd göstərildi.
Şuşa şəhər Uşaq incəsənət məktəbinin, ictimai həyatında fəal iştirakına, kollektivə göstərdiyi köməkliyə və tədbirlərdə öz ecazkar ifaları ilə könülləri oxşadığına görə Gülağa Zeynalovun vəfatından sonra “İlin ən yaxşı müəllimi” fəxri diplomuna layiq görülmüşdür. Diplom mərhumun ailəsinə təqdim edildi.

Keçidlər