Şuşa rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Dünyanın hər yerindən görünən Zirvə” adlı konfrans keçirilib
04 may 2015-ci il tarixdə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı ilə birlikdə “Dünyanın hər yerindən görünən Zirvə” adlı konfrans keçirib. Əvvəlcə, konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək xatirəsi yad edilib.
Sonra konfrans iştirakçıları Ulu Öndərə həsr olunmuş filmə baxıblar.
Konfransı açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov “Vətən, Xalq üçün yaşanan ömür” mövzusunda çıxış edərək qeyd edib ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli və müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Heydər Əliyev bəşər tarixinin nadir şəxsiyyətlərindəndir ki, onun özündən sonra qoyub getdiyi ideyaları nəinki doğma məmləkətimiz üçün, o cümlədən dünya ölkələri üçün də böyük əhəmiyyət kəsb edir. Bayram Səfərov daha sonra qeyd etdi ki, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün mərhələlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma vətənini düşünmüş, onun inkişafı üçün əzmlə çalışmış və üzləşdiyi çətinliklərdən xilas etmək üçün fədakarlıq göstərmişdir. Bu gün minnətdarlıq hissi ilə qeyd etmək olar ki, müstəqil Azərbaycanın mövcudluğu, qüdrətli bir ölkə kimi təşəkkülü Heydər Əliyev siyasətinin bəhrəsidir və biz hamımız bunun üçün dahi və bənzərsiz insana borcluyuq. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir.
Daha sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev “Dünyanın hər yerindən görünən Zirvə”, YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva “Ulu Öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısıdır”, Gənclər Birliyinin sədri Yapon Hacıyev “Ulu Öndərin gənclər siyasəti” mövzularında çıxış ediblər.
Məruzələr ətrafında Millət vəkili Elman Məmmədov, YAP Şuşa rayon təşkilatının İdarə Heyətinin üzvü Ramiq Məhərrəmov, Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ araşdırmalar mərkəzinin rəhbəri Elçin Əhmədov ətraflı çıxış ediblər.
“Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa müsabiqəsinin respublika mərhələsinin qalibi, 9 nömrəli məktəbin X sinif şagirdi Aytən Məmmədzadə, 7 nömrəli məktəbin VIII sinif şagirdi Könül Ələkbərli Ulu Öndərimizə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub, Ulu Öndərin ad günü ilə bağlı keçirilmiş, futbol, şahmat, Güllə atıcılığı yarışlarının qalibləri, eyni zamanda inşa müsabiqəsinin respublika mərhələsinin qalibləri qiymətli hədiyyələrlə mükafatalandırılıb.
Konfrans İncəsənət Universitetinin tələbəsi Emin Məmmədlinin ifasında “Zirvə” mahnısı ilə yekunlaşdırılıb.