Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü.
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü münasibətilə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və Xankəndi ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ziyarətçilər “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan xalqı Şuşanın işğalı ilə heç cür barışmır. O, Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlərin xalqda bir ümid yaratdığını vurğulayıb: “Son vaxtlar xalqımızın ümidi daha çox artıb. İstər cəbhədə, istərsə də respublikamızda və dünya miqyasında görülən işlər erməni işğalının dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Dağlıq Qarabağın işğalı ilə bağlı filmlər çəkilir, kitablar yazılır, “Xocalıya ədalət”, “Şuşaya azadlıq” kampaniyaları keçirilir. Son vaxtlarda Azərbaycanın dünya ölkələri arasında özünə layiq olan yeri tutması qonşu dövlətləri də narahat edir. Prezidentimiz hər bir vətəndaşımız üçün diqqət, qayğı göstərir ki, bu da bizdə işğal altında olan torpaqlarımıza tez qayıdacağımız haqqında əminlik yaradır”.
B. Səfərov qeyd edib ki, bu gün Azərbaycanın ordusu güclüdür və müasir silahlarla təmin edilib: “Ən əsası odur ki, Azərbaycan gəncliyi və Azərbaycan ordusu torpaqlarımızın azad olunmasının arzusundadır”.