Faşizm üzərində Qələbənin 70 illiyi
“1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli Sərəncamına əsasən 2015-ci il may ayının 9-da Şuşa Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Mərasimdə rayonun rəhbər işçiləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə İkinci Dünya müharibəsində həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad edilmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva bayram münasibəti ilə müharibə veteranlarını təbrik etmiş, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırmışdır.
Mərasim Mədəniyyət və Turizm şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.
Faşizm üzərində qazanılmış qələbə unudulmaz tarixə çevrilmişdir. Torpaqlarımızın iyirmi faizinin işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin Vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.
Sonda müharibə iştirakçılarına Qələbənin 70 illiyi münasibəti ilə Şuşa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim edilmişdir.