Düzgün peşə seçimi-gələcəyimiz üçün uğurlu təminatdır
Düzgün peşə seçimi-gələcəyimiz üçün uğurlu təminatdır
Gənclərin peşəyönümü və onların əməyə hazırlanması işi bu gün mühüm əhəmiyyət kəsb edən amildir. Onların peşə və ixtisaslara düzgün istiqamətləndirilməsi bir şəxsiyyət kimi formalaşmalarında mühüm rol oynayır.
Peşəyönümü işinin gənc nəslin gələcək həyatında, onların məşğulluğunun təmin edilməsində əsas fakt olduğunu nəzərə alaraq Dövlət Məşğulluq Xidməti regionlarda müxtəlif seminarlar, maarifləndirici tədbirlər təşkil edir.
Belə tədbirlərdən biri də 2015-ci il may ayının 15-də Şuşa rayon Məşğulluq Mərkəzi ilə birlikdə 12 nömrəli məktəbdə təşkil edilmişdir.
Tədbirdə Dövlət Məşğulluq Xidmətinin Peşəhazırlığı sektorunun baş məsləhətçisi Sevinc Şəmmədova, Şuşa Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülbəniz Babayeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Hidayət Səmədov, şəhər üzrə nümayəndə vəzifəsini müvəqqəti icra edən Emil Babışov, Şuşa rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Vəsilə Xəlilova, həmin məktəbin müəllimləri və VIII, IX, X, Xİ sinif şagirdləri, valideynlər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə 12 nömrəli məktəbin direktoru Nazilə İbrahimova açmışdır.
“Düzgün peşə seçimi-gələcəyimiz üçün uğurlu təminatdır” məruzəsi ilə Vəsilə Xəlilova çıxış etmişdir.
Peşəyönümü ilə bağlı göstərilən videoçarx şagirdlər tərəfindən maraqla izlənmişdir.
Məruzə ətrafında G.Babayeva, E. Babışov,12 nömrəli məktəbin müəllimi Zeynəb Hüseynova, valideynlər adından Sevinc Əbdüləzimova, XI sinif şagirdi Hüseyn İbrahimzadə, X sinif şagirdi Ayxan Əhmədzadə çıxış etmişlər.
Şuşa rayon Məşğulluq Mərkəzinin hazırladığı sorğu şagirdlərə paylanmış və onların peşə seçimi ilə bağlı fikirləri ətrafında geniş müzakirələr və maraqlı diskussiyalar aparılmışdır.
Sonda Dövlət Məşğulluq Xidmətinin Peşəhazırlığı sektorunun baş məsləhətçisi Sevinc Şəmmədova çıxış edərək belə tədbirlərin peşəyönümü işinin ən vacib tərkib hissələrindən biri olduğunu diqqətə çatdırmış, düzgün peşə seçiminin gənclərin gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət etməsindən, onların taleyindəki rolundan danışmış, tədbirin yüksək səviyyədə təşkil edilməsində köməklik göstərdiyinə görə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı cənab Bayram Səfərova dərin təşəkkürünü bildirmişdir.
Dövlət Məşğulluq Xidmətinin hazırladığı müxtəlif metodik tövsiyələr şagirdlərə paylanmışdır.