“Ağ ölümə yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir
13.05.2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa rayon 6 saylı tam orta məktəbdə "Ağ ölümə yox deyək" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Şuşa RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əmirxan Qarayev, Şuşa Rayon Mədəniyyət Evinin direktoru Rüstəm Əliyev, Şuşa Dövlət Rəsm Qalareyasının direktoru Anar Cəbizadə, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayonu üzrə sektorunun, YAP Şuşa rayon Təşkilatının nümayəndələri və digər şəxslər iştirak edirdilər. Tədbirdə çıxış edən Şuşa RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əmirxan Qarayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verərək, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.
Şuşa Dövlət Rəsm Qalareyasının direktoru Anar Cəbizadə narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və buna məhz təhsil müəssisələrində daha geniş yer verilməsinin vacibliyini vurğuladı. Tədbirdə çıxış edənlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr, narkomaniya ilə mübarizənin uzunmüddətli və çoxşaxəli bir proses olduğu, bəzi gənclərin narkotik asılılığı girdabına yuvarlandığı barədə söz açaraq, gəncləri bu bəlanın qurbanına çevrilməməsi üçün narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılmasını və belə tədbirlərdə ictimaiyyət nümayəndələrinin və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Sonda Şuşa Dövlət Rəsm Qalareyasının gənc rəssamlarının ərsəyə gətirdikləri rəsm əsərləri məktəblilərə nümayiş olundu. Sərginin məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri ilə bağlı məlumatlandırmaq, narkomaniyanın törətdiyi fəsadları nümayiş etdirərək gəncləri bəşəriyyət üçün ən böyük bəladan uzaq olmağa səsləyiblər.