“Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusunda seminar keçirilib
Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə Monitorinq Qrupunun təşkilatçılığı ilə Şuşa rayon 6 nömrəli tam orta məktəbdə “Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusunda seminar keçirilmişdir.
Seminarda Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq” üzrə Monitorinq Qrupunun üzvləri, Aparatın məsul şəxsləri, müəllimlər, valideynlər, psixoloqlar, şagirdlər iştirak edib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülbəniz Babayeva Azərbaycan Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi irsimizin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca imzaladığı sərəncamlardan, ölkəmizin özünün milli-mənəvi dəyərlərini qoruyub saxlayaraq, azərbaycançılıq məfkurəsinin əsas aparıcı xətt olaraq təbliğ edilməsindən, bu prosesdə Heydər Əliyev Fondunun mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmasından danışdı. G.Babayeva Azərbaycanın görkəmli şəxsiyyətlərinin, xalqını, dövlətini sevən ziyalıların daim mədəniyyətimizin inkişafına, adət-ənənələrimizin zənginləşdirilməsinə verdiyi töhfələri qeyd edərək, şəxsiyyətin formalaşmasında əsas amillərdən birinin tərbiyə amili təşkil etdiyini bildirdi. Hansı ki, bu amilin əsasında məktəb dayanır və o, tərbiyəedici funksiya ilə şəxsiyyətin həyatında mühüm rol oynayır.
“Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusunda maarifləndirici video-çarx izlənilib.
Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktoru Naimə Əliyeva öz çıxışında valideyn-şagird-müəllim qarşılıqlı münasibətləri, tərbiyə işini təşkil edən təhsil müəssisənin və məktəb kollektivinin qarşısında böyük məsuliyyət qoyulmasından, valideyn və məktəb arasında münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasının vacibliyindən danışdı.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının Malıbəyli KİƏD üzrə nümayəndəsi Fuad Abbasov, 6 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Ayşən Kazımova, valideyn və şagirdlər “Ailə strukturunda milli, mənəvi və müasir dəyərlərin sintezi, valideyn-şagird-müəllim üçbucağındakı əlaqələrin möhkəmliyi” mövzusu ilə bağlı öz düşüncələrini seminar iştirakçıları ilə bölüşdülər. Seminarda valideyn-şagird-müəllim üçbucağında qarşılıqlı hörmət əsasında münasibətlərin düzgün qurulması, valideynlərlə mütəmadi əlaqə saxlanılması və bunun da nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsinin dayanmasının önəmi bir daha vurğulandı.