Akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirilib
25 aprel 2023 | 15:51
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 aprel 2023-cü il tarixdə Şuşa Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Aparatın məsul şəxsləri, idarə, müəssisə rəhbərləri, Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkimləri və tibb işçiləri iştirak ediblər.
Tədbirdə Akademik Zərifə Əliyevanın və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva görkəmli alimin həyat və fəaliyyətindən söz açaraq bildirib ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə, tibb aləmində ən yüksək olan “Averbax” mükafatına layiq görülüb. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın Zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır. Zərifə xanım çətin və mübarizələrlə dolu həyat yolu keçmiş Heydər Əliyevə hər zaman sədaqətli həyat yoldaşı kimi dayaq olmuşdur. Görkəmli alimin ictimai fəaliyyəti bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsinə qaldırılmış, inkişaf etdirilmişdir.
Sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Sədaqətli ömür yoldaşı, gözəl ana” adlı videoçarx nümayiş olunub.
Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru Kəmalə Səfərova öz çıxışında bildirib ki, Akademik Zərifə Əliyeva peşə xəstəliklərini öyrənərkən tibbi-geoloji faktorlarla yanaşı, ictimai amillərin də nəzərə alınmasını diqqət mərkəzinə çəkib, bu istiqamətdə təhlillər və müqayisələr aparıb, oftalmologiyanın digər aktual istiqamətlərində tədqiqatlar aparıb.
Tədbirdə çıxış edən Şuşa Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqu Şəhla ismayılova, YAP-ın Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Şuşa Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Bayramov qeyd etdilər ki, Zərifə Əliyeva əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi böyük nüfuz və hörmətə malik olub. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, akademik Zərifə Əliyeva çoxşaxəli elmi-tədqiqat işləri aparmış, 1962-69-cu illərdə Tibb kollecində peşəkar səhiyyə işçilərinin hazırlanmasına böyük töhfələr verib.
Təbabətdə öz dəst-xətti olan novator alimin yorulmadan apardığı tədqiqatlar, yaratdığı əsərlər müasir dövrdə də aktuallığını itirməyib. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi daim ehtiramla yad olunur. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Böyük alimin əziz xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.