“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu iştirakçılarının Şuşaya səfəri baş tutub
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi , “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu iştirakçılarının Şuşaya səfəri baş tutub. Jurnalistlərə erməni işğalı nəticəsində dağıdılmış, viran qoyulmuş bölgələr, həmçinin Qarabağın yenidən dirçəldilməsi işləri haqqında məlumat verilib. Jurnalistlər Cıdır düzünə qalxaraq buradan Şuşanın gözəlliyini seyr ediblər.
AYD sədri Sinan Burhan Cıdır düzündə Forumun Şuşada sonlanmasının mənəvi önəm daşıdığını vurğulayıb. Sinan Burhan Azərbaycanın qəhrəman oğullarının Şuşa dağlarını dırmanaraq düşməni məhv etdiyini xatırladıb. Sədrin çıxışından sonra millət vəkili Sabir Rüstəmxanlı Şuşa ilə bağlı xatirələrini bölüşüb, “Qarabağa dönüş” poemasından bir hissə səsləndirib. Millət vəkili Qafqaz İslam Ordusu komandanı Nuri Paşanın məzarına səpilməsi üçün Şuşa torpağını jurnalist Güngör Yavuzaslana verib. Daha sonra Cıdır düzündə “Qarabağ Azərbaycandır” fləşmobu təşkil edilib. Fləşmobdan sonra Molla Pənah Vaqifin məqbərəsi və Şuşa qalası ziyarət edilib. Şuşadakı Qarabağ Hotelində Tənzilə Rüstəmxanlı adından qonaqlara ziyafət verilib. Jurnalistlərin səfəri onlara Şuşadan xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb