“Anım günü”ndən başlayaraq Bakı şəhəri və respublikamızın müxtəlif rayonlarında şəhid ailələrini və məzarlarını ziyarət etmiş, şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyaları keçirilmiş, ehsan süfrələri açılmışdır
Azərbaycanda şəhid ailələrinin və məzarlarının ziyarət olunması artıq mənəvi bir borc və geniş yayılmış milli ənənə halını alıb. Bu ənənə həm dövlət səviyyəsində, həm də cəmiyyətin müxtəlif təbəqələri tərəfindən böyük ehtiramla yaşadılır. 27 Sentyabr – Anım Günü, 8 Noyabr – Zəfər Günü və 20 Yanvar ümummilli hüzn günündə Şəhidlər xiyabanları və rayonlardakı şəhid məzarlıqları izdihamla ziyarət olunur. Qurban və Ramazan bayramlarında, eləcə də Novruz bayramında şəhidlərin xatirəsini yad etmək və ailələrinə başsağlığı vermək bir adətə çevrilib. Hər bir şəhidin fərdi doğum və ya şəhadət günündə onların ailə üzvləri, döyüş yoldaşları, Rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli icra nümayəndələri və məktəblilər bir araya gələrək şəhidin xatirəsini uca tutur. Şuşa Rayon İcra Hakimiyyəti və rayonun idarə, müəssisələri, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Birliyinin Şuşa rayon komitəsi, inzibati ərazi dairələri üzrə nümayəndəliklər 27 sentyabr “Anım günü”ndən başlayaraq Bakı şəhəri və respublikamızın müxtəlif rayonlarında şəhid ailələrini və məzarlarını ziyarət etmiş, şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyaları keçirilmiş, ehsan süfrələri açılmışdır.






