“Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirildi
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Humanitar Kollecində “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Şuşa Humanitar kollecinin direktor müavini Azər Səfixanlı, kollecin şöbə müdirləri, müəllim kollektivi və tələbələr iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Azər Səfixanlı Aprel şəhidlərinin igidliyini tarixi qəhrəmanlıq adlandırıb. Bildirib ki, Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Direktor ölkəmizdə, o cümlədən rəhbərlik etdiyi təhsil ocağında şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığının nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşməsindən danışıblar. Bildirilib ki, bu döyüşlər Azərbaycan Ordusunun düşmənin istənilən təxribatının, hərbi əməliyyatının qarşısını almağa qadir olduğunu sübut etdi. Zəfərlərimizin başlanğıcı olan Aprel döyüşlərində qazanılan qələbəni Vətən müharibəsində qazanılan Qələbə tamamladı.