“Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilmişdir
03 aprel 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətində “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə, müəssisə rəhbərləri iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva qeyd etmişdir ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən doqquz il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etmişdir. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu təsdiqlədiyini bildirdilər. Aprel döyüşlərində Azərbaycan hərbçilərinin yüksək qabiliyyətli döyüş bacarıqları və uğurları dövlət başçısı tərəfindən çox yüksək qiymətləndirildi. 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü, 7 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 1 hərbi qulluqçusu 2-ci dərəcəli və 4 hərbi qulluqçusu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 hərbi qulluqçusu "Vətən uğrunda" medalı, 43 hərbi qulluqçusu "İgidliyə görə" medalı, 45 hərbi qulluqçusu "Hərbi xidmətlərə görə" medalı, 2 hərbi qulluqçusu "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir.