Azərbaycan Milli Xalça Muzeyində Şuşa filialının “Şuşanın tanınmış soyları” adlı yeni layihəsi çərçivəsində Qarabağın məşhur Qalabəyovlar soyuna həsr olunmuş mühazirə keçirilib
11 oktyabr 2022 | 15:27
Tədbirdə mövzu ilə bağlı Qalabəyovlar nəslindən olan Urxun Qalabəyli və filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə çıxış ediblər.
Tədbirdə Qalabəyovlar soyuna aid tarixi materiallar əsasında hazırlanmış video-çarx nümayiş olunub.
Mühazirə bitdikdən sonra iştirakçılar üçün muzeyin ekspozisiyanın II mərtəbəsində “Qarabağ xalçaları” mövzusunda tematik ekskursiya keçirilib.
Azərbaycan Milli Xalça Muzeyi illərdir ki, xalqımızın milli-mədəni irsi olan əsrarəngiz Qarabağ xalçalarını təbliğ etməklə yanaşı, erməni vandalizminə məruz qalmış ərazilərimizin etnoqrafiyasını, tarixi abidələrini, məşhur şəxsiyyətlərini də geniş miqyasda tanıtmağa çalışır. “Şuşa ili” çərçivəsində xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin tanınmış soyları, nəsilləri, onların tarixdəki rolu barədə faktların, maraqlı, dolğun məlumatların cəmiyyətə çatdırılması məqsədilə reallaşdırılan “Şuşanın tanınmış soyları” adlı layihə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçiləri və ziyalılar iştirak etmişdir. Tədbirin sonunda Şuşa Rayon İcra Hakimiyyətinin müavini Vüsalə Fətəliyeva layihənin və tədbirin təşkilatçılarına şuşalılar adından minnətdarlığını bildirmişdir.