Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları - Mehmandarovlar” adlı mühazirə keçirilib

16 noyabr 2022 | 16:42
Tədbirdə Mehmandarovlar nəslindən olan, Kərim bəy Mehmandarov şəcərəsinin davamçısı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinın dirijoru Mustafa Mehmandarov və “Şuşa” qəzetinin redaktoru, publisist, tədqiqatçı, “Mehmandarovlar” kitabının müəllifi Vasif Quliyev mövzu ətrafında ətraflı çıxış ediblər. Onlar Azərbaycan xanlıqlarının idaretmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarovlar nəsli, o cümlədən Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, "Difai" təşkilatının Şuşa şöbəsinin sədri olmuş Kərim bəy Mehmandarov haqqında maraqlı tarixi faktları diqqətə çatdırıblar.
Qeyd edək ki, Mehmandarovlar soyadı Azərbaycan Milli Xalça Muzeyi üçün xüsusilə doğmadır. Çünki Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı 19 may 1987-ci il tarixində vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş malikanə kompleksində fəaliyyətə başlayıb.
Bu gün həmin malikanənin tavanında XIX əsrin tanınmış Azərbaycan rəssamlarından olan Usta Qənbər Qarabaği tərəfindən çəkilmiş rəsm əsasında toxunmuş “Ləçək-turunc” kompozisiyalı xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib. Muzeyin Ənənəvi texnologiya şöbəsində hazırlanan xalçanın eskizinin müəllifi muzeyin baş rəssamı Taryer Bəşirovdur.
Qeyd edək ki, XIX əsrin tarixi-memarlıq abidəsi olan malikanə kompleksində aparılan təmir-bərpa işləri yekunlaşdıqdan sonra bu xalça Mehmandarovların evinə hədiyyə olunacaq.
Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyi “Şuşa ili” çərçivəsində xalqımız üçün müstəsna mənəvi dəyərə malik bir şəhərin məşhur soylarını, nəsillərini, onların tarixdəki rolunu təbliğ etmək məqsədilə həyata keçirdiyi silsilə tədbirləri davam etdirəcək.
Keçidlər