Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
10 may 2023 | 18:45
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar rayon üzrə silsilə tədbirlər keçirilir.
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il may ayının 10-da Şuşa rayon 1 nömrəli tam orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilmişdir. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Şuşa Rayon Təşkilatı İdarə Heyətinin üzvləri, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, rayon ziyalıları, gənclər, iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq büstü önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Şuşa şəhərində keçirilən tədbirdə iştirak edən Başçı Bayram Səfərovun salamlarını iştirakçıların diqqətinə çatdırıb.
Ulu Öndər Heydər Əliyevin 1969-2003-cü illər ərzindəki siyasi fəaliyyəti haqqında Vüsalə Fətəliyeva məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Azərbaycan dövləti yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük irəliləyişə nail olmuşdur.
Ulu Öndərin birinci hakimiyyəti illərində (1969-1982-ci illər) respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verilib, 630 min yeni iş yeri açılıb.
Çıxışda qeyd olunub ki, sənaye istehsalı 2,7 dəfə, tələbat mallarının istehsalı 3 dəfə, kənd təsərrüfatı istehsalı 2,7 dəfə, taxıl, pambıq, üzüm, ipək, tərəvəz, tütün, bostançılıq məhsulları istehsalı sahəsində məhsuldarlıq 1,8 - 2,6 dəfə artdı, heyvandarlıqda artım isə 2,7 dəfə oldu. Neft hasilatı 2,8 dəfə, maşınqayırma və metal emalı 3,3 dəfə, kimya və neft kimyası 2,8 dəfə artdı. Sənayedə əmək məhsuldarlığı 1,7 dəfə yüksəldi, 4400 yeni maşın, cihaz, avadanlıq və digər məmulatlar istehsal olundu ki, bunlardan da 400-ü keçmiş SSRİ-də ilk dəfə istehsal edilirdi. 1969-cu ilədək olan 100 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə - cəmi 13 il ərzində onların sayı 1048-ə çatdırılmışdır. 1971-ci il martın 28-də Azərbaycanın neft hasilatı tarixində 1 milyard ton “qara qızıl” çıxarıldı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Bu illərdə Ümummilli Liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətindә gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, soy-kökə qayıdışını təmin etdi.
Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il 2000 nəfərə qədər gənci müxtəlif ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərmişdir. Heydər Əliyev həmin uzaqgörən siyasəti azərbaycanlı hərbi mütəxəssislərin yetişdirilməsi sahəsində də həyata keçirmişdir. 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da Heydər Əliyevin adı və vətənpərvər fəaliyyəti ilə bağlıdır.
1969 -1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilmiş, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılmışdır.
Keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində respublikamızda ən çox ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 17 minədək azərbaycanlı gəncin təhsil alması təmin olundu.
Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılması və qorunması bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəni irsimizin dünya miqyasında təbliğ olunmasına xüsusi diqqət yetirilir.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Dövlət müstəqiliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı.
1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə xalqın təkidli tələbi əsasında gəlişi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Ulu Öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanda müstəqil və müasir dövlət idarəçiliyi formalaşdırıldı, siyasi idarəçiliyin əsasları yaradıldı.
Ölkəmizdə sabitliyin qorunmasında, hüquqi dövlətin qurulmasında, dövlətçiliyin və iqtisadiyyatın möhkəmləndirilməsində, qanunun aliliyinin təmin edilməsində və doğma Azərbaycanımızın beynəlxalq miqyasda tanınmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir.
1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur.
Ulu Öndərin uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq miqyasda nüfuzunun artmasına xidmət göstərmişdir.
Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.
Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edirdi.
Bu gün hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə milli ruhlu, vətənpərvər gənclik yetişdi. Qarabağ uğrunda Vətən müharibəsindəki Zəfərimizin ən parlaq səhifələrini də elə həmin gənclər yazdılar.
Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun Ali Baş Komandanı kimi Ulu Öndərimizin layiqli davamçısı olduğunu bir daha sübuta yetirdi.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Ulu Öndərin həyat və fəaliyyəti haqqında sənədli film tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdən sonra Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda abidəsi ziyarət edildi.