Şriftin ölçüsü :

Saytın rəngi :

Bayraq günü ilə əlaqədar “Zəfər çalan bayrağımız!” adlı tədbirlər keçirilmişdir

11 noyabr 2026 | 17:14

Hər il olduğu kimi bu il də Şuşa rayonunun ümumtəhsil müəssisələrində Bayraq günü ilə əlaqədar “Zəfər çalan bayrağımız!” adlı silsilə tədbirlər keçirilmişdir. Tədbirlər ilk olaraq Dövlət Himninin  səslənməsi ilə başlamış, Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirlərdə məktəblilərə bayrağımızın yaranma tarixi, ulu öndər Heydər Əliyevin dövlət bayrağı haqqında fikirləri, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, ölkə başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə, mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. Daha sonra məktəbin rəhbərliyi və müəllimlər çıxış edərək şagirdlərə üçrəngli bayrağımızın yaranma tarixi, onun üzərindəki rənglərin və simvolların mənası barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bayrağımız bu gün müstəqil ölkəmizin bütün guşələrində qürurla dalğalanır. Çıxış edənlər Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin əlaməti kimi dəyərləndirmiş, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı daim uca tutmağı tövsiyə etmişdir. Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğaldan azad olunmuş torpaqlarında yenidən dalğalanmasının azərbaycanlılara sevinc və fərəh hissi bəxş etdiyi vurğulanmış,  həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması və torpaqlarımızın işğaldan azad olunmasının xalqımıza qürur hissi yaşatması barədə fikirlər səsləndirilmişdir.

Keçidlər